Aprel ayının 2-də “Ritz-Carlton” otelində
Azərbaycan Respublikasının Baş
Prokurorluğunun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir
çağırışlar və hədəflər” mövzusunda geniş konfrans keçirilib.
Ümumilikdə 20-dək müxtəlif dövlət qurumu və
hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, Baş prokuror yanında
Elmi-Məsləhət Şurasının üzvləri, ali təhsil ocaqlarının nümayəndələri və
vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ali Məhkəmə sədri İnam
Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov, Baş
prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov tərəfindən
çıxışlar edib, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin
rəisi Elnur Musayev tərəfindən “Elektron prokurorluq” informasiya sisteminin
təqdimatı olub.
Tədbirdə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək
iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb, ARVK-da son illər
elektron xidmətlər sahəsində görülən işlərdən, rəqəmsallaşdırma və müasir
texnologiyaların tətbiqindən danışıb.
Sədr cənab
Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyaya müasir İKT
texnologiyalarından daha geniş istifadə olunması tövsiyənin icrası məqsədilə ARVK-nın
“Elektron vəkillik” Komitəsi və “Elektron vəkil platforması”nın təsis olunduğunu,
bu platforma çərçivəsində ilk olaraq bütün vəkil qurumlarının və vəkillərin
onlayn reyestrinin yaradıldığını, o cümlədən buradakı bütün informasiyaların
yenilənməsinin daim təmin edildiyini vurğulayıb.
Hər bir vəkil
üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş elektron vəkil
kabinetinin fəaliyyətə başladığını deyən Anar Bağırov bu kabinetlər vasitəsilə
vəkillərin “Davamlı tədris üzrə” elektron platformadan istifadə edərək distant
qaydada kurslara qatıla bildiyini dilə gətirib.
Həmçinin, sədr
bildirib ki, Kollegiyada dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların
mərkəzləşdirilmiş və onlayn qaydada bölgüsü həyata keçirilir, eyni zamanda, “Elektron
vəkil orderi” istifadəyə verilib, bu platformanın davamı kimi, hazırda “Elektron
vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. ARVK-da süni intellektin
imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparıldığını söyləyən
Anar Bağırov yaxın zamanda “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan
“Pro Bono” chat botunun fəaliyyətə başlayacağını qeyd edib.
Sədr çıxışının
davamında cinayət prosesinin iştirakçıları arasında qarşılıqlı əlaqə üçün vahid
onlayn xidmətinin yaradılması təklifini irəli sürərək, cinayət prosesində
müdafiə tərəfinin hüquqlarının təmin edilməsində rəqəmsal texnologiyalardan
istifadə problemlərini də diqqətdə saxlanılmalı olduğunu nəzərə çatdırıb.
Daha sonra konfrans iştirakçıları tərəfindən ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi və mərhələli şəkildə elektron cinayət təqibinin tətbiqi, ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquqlarının və ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron cinayət prosesinə keçidlə əlaqədar aidiyyəti qurumların əməkdaşlarının bu sahədə peşəkarlığının, bilik, bacarıq və vərdişlərinin artırılması və digər aktual məsələlər geniş müzakirə edilib.