Aprel ayının
3-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və
digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilib.
Tədbirdə ARVK-nın
Rəyasət Heyətinin üzvləri, dövlət qurumları, qeyri-hökümət təşkilatlarının,
hüquq cəmiyyətlərinin və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə
Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
Sonra açılış
nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları
salamlayaraq, ARVK-da son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən,
əhəmiyyətindən və ümumi fəaliyyətlərindən geniş söz açıb.
Sədr son dövrlər
vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük
üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya
tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən artıq bir sıra vəkillərin
istifadə etdiyini və sözügedən təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini
deyib.
Məqsədin vəkillərin
işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun
yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da
müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə
bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir
daha ifadə edib.
Həmçinin, ARVK-nın
müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda “Elektron vəkillik”
Komitəsi tərəfindən hazırlanan “Pro Bono ChatBot” süni intellektin istifadəyə
veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən
istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcəkdir.
Tədbirin
davamında “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil
orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham
Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və
qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, “Pro Bono
ChatBot” süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət “İnsan resurslarının elektron idarə
edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.
Daha sonra
qonaqların sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə
vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Qeyd edək ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.