Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Avropa Vəkillər Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirir

05 aprel 2024    637 share share

Aprelin 5-də Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə “Vəkillər: Ünsiyyət, İctimailəşdirmə və Reklam. Azərbaycan və Avropa təcrübəsi" mövzusunda vebinar keçirilib.

Vebinara Zoom platforması üzərindən birbaşa 70-dən çox iştirakçı qoşulub. Eyni zamanda, həmin vebinar “Facebook” sosial şəbəkəsində də canlı yayımlanıb.  

Tədbirdə açılış nitqi ilə çıxış edən AEA-EAL təşkilatının prezidenti, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) sabiq prezidenti Maria Slazak və ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, ARVK və AEA-EAL arasında əməkdaşlıq çərçivəsində birgə məhsuldar fəaliyyətdən danışıblar.

Anar Bağırov vebinarın mövzusunun həssas və vacib olduğunu, o cümlədən əhəmiyyətini, ünsiyyət, ictimailəşdirmə və reklamın vəkillərin cəmiyyətdə olan nüfuzuna təsirini vurğulayıb. Həmçinin, sədr ARVK ilə AEA-EAL təşkilatının əməkdaşlığının daha da güclənəcəyini iştirakçıların diqqətə çatdırıb.

Sonra ARVK-nın Biznes Hüququ Komitəsinin üzvü, vəkil Türkan Hacıyeva, vəkil Könül İsgəndərli, ARVK-nın İntizam Komissiyasının üzvü Gülşən Salmanova çıxış edərək ölkəmizdə vəkillər üçün ünsiyyət, ictimailəşdirmə, reklam, Azərbaycan və Avropa təcrübəsi ilə bağlı mövcud qanunvericilik barədə təqdimatla çıxış ediblər.

Vebinarda ekspert qismində Polşa Vəkillər Kollegiyasının üzvü Jędrzej Klatka çıxışında Avropa Birliyi baxımından vəkillərin təbliği və onların fəaliyyətinin ictimailəşdirilməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra İspaniya Vəkillər Kollegiyasının üzvü, AEA-EAL təşkilatının Deontologiya Komitəsinin sədri, hüquq elmləri doktoru Nelson Sanchez Stuart vəkilliyin İspaniya təcrübəsini paylaşıb.

Sonda qapanış nitqi ilə çıxış edən Anar Bağırov tədbir iştirakçılarına təşəkkür edib və bu qəbildən tədbirlərin davamlı olacağını qeyd edib.