Cari ilin aprel ayının 6-da Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının
növbəti iclası keçirilib.
İclasda ümumilikdə 27 müraciət əsasında
(onlardan 15 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə
18 işə baxılıb, 6 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 12 iş üzrə
aşağıda göstərilən rəylər qəbul olunub:
- 7 intizam işi üzrə vəkilin hərəkətlərində
pozuntunun olması;
- 1 intizam işi üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması;
- 4 intizam işi üzrə icraata xitam
verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.
Müvafiq rəy qəbul edilən işlərin 7-si
fiziki şəxslərdən, 4-ü məhkəmələrdən, 1-i isə hüquq mühafizə orqanlarından
daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilən işlərin 3-ü fiziki şəxslərin, 3-ü məhkəmələrin, 1-i hüquq mühafizə
orqanlarının müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət üzrə
icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması
qənaətinə gəlinib.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilən intizam işlərindən:
- 1 intizam işində “vəkilin dövlət hesabına
müdafiəçisi olduğu şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu
lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi” (1 vəkillə bağlı 1
fakt);
- 1 intizam işində “vəkilin öz sosial
şəbəkə hesablarında canlı yayımla videoçəkiliş apararaq etdiyi müraciətində
həqiqətəuyğun olmayan məlumatları yaymaqla, hüquq müdafiə fəaliyyəti ilə bir
araya sığmayan, hüquq mühafizə orqanlarının işgüzar nüfuzuna xələl gətirə
bilən, vəkilliyin nüfuzunu aşağı sala biləcək və vəkil etikasına zidd
hərəkətlərə və sözlərə yol verməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin tərtib etdiyi
apellyasiya şikayətində işə baxan hakimin fəaliyyətini qiymətləndirməyə və onu
işdə iştirak edən şəxslə qeyri-prosessual münasibətlərə girməkdə ittiham etməyə
yönəlik qeyri-etik ifadələrin işlədilməsi və fikirlərin bildirilməsi” (1
vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin müraciət edən
şəxslə müvafiq müqavilə bağlamadan və vəkil orderi təqdim etmədən ona məhkəmədə
mülki iş üzrə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin göstərdiyi
hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər zəminində müqavilədənkənar
qaydada nağd şəkildə pul vəsaiti alması” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işi üzrə “vəkilin hüquqi
yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı
orqanlarda yerinə yetirilməsini göstərməsi və müqavilə ilə nəzərdə tutulan
xidmət haqqını nağd qaydada əldə edib sonradan özü ödəməsi”;
- 1 intizam işi üzrə “vəkilin hüquqi yardım
göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil
orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu
kimi qiymətləndirilib.