Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi Polşada beynəlxalq sammitdə iştirak edib

15 aprel 2024    633 share share

Cari ilin aprel ayının 6-8 tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvü Ruhiyyə İsayeva Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) və Varşava Vəkillər Kollegiyası tərəfindən təşkil olunan, habelə Avropanın bir çox tanınmış, istedadlı vəkil qadınlarını bir araya toplayan “Vəkillikdə Qadın Liderlər Varşava Sammiti - 2024”də iştirak edib.  

Tədbirin ilk günü FBE-nin Yeni Texnologiyalar Komissiyasının CREA II tədqiqat layihəsində iştirakının bir hissəsi olaraq Komissiyanın Prezidenti Maria Dymitru tərəfindən süni intellektdən istifadə etməklə hüquqi mübahisələrin həllinə dair seminarla başlayıb. Seminar zamanı iştirakçılar qərar qəbuletmədə süni intellektdən istifadənin üstünlükləri və çatışmazlıqları barədə müzakirə ediblər. Müzakirələr çərçivəsində vəkilimiz Ruhiyyə İsayeva ARVK tərəfindən hüquqi xidmətlərin və vətəndaşlara göstərilən hüquqi yardımın həyata keçirilməsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən innovativ islahatlar barədə iştirakçıları məlumatlandırıb.

Növbəti gün sammit iştirakçıları şam yeməyində bir araya gəliblər.

Aprelin 8-də Polşa Parlamentinin binasında sammit keçirilib. Tədbirdə müxtəlif hüquq sahələrindən olan qadın liderlərin iştirakı ilə bir çox mühüm məsələlər müzakirə edilib.

Eyni zamanda, “Maneələrin aradan qaldırılması: hüquq peşəsində qadınlar üçün problemlər, imkanlar və strategiyalar və onların peşəkar inkişafı”, “Qadın Vəkillərin Gücləndirilməsi: karyera inkişafı və yüksəlişi üçün mentorluq və digər strategiyalar”, “Vəkillər Kollegiyalarında Müxtəliflik və İnklüzivlik təşəbbüsləri: vəkillik peşəsi daxilində az təmsil olunan qruplar üçün bərabər təmsilçiliyin və imkanların təşviq edilməsi”, “Hüquqi Təhsil və Təlim: Hüquq məktəblərində gender bərabərliyinin təşviqi. Gender qərəzinin aradan qaldırılması və hüquq təhsilində inklüzivliyin təşviq edilməsi”, və o cümlədən “Qanunvericiliyin təkmilləşdirilməsi: müxtəlif hüquqi kontekstlərdə qadınların üzləşdiyi problemləri və yaranan ehtiyacları daha yaxşı həll etmək üçün mövcud qanunlarda və hüquq peşəsində təkmilləşdirmə sahələrinin müəyyən edilməsi” mövzularında panel çıxışları olub.

Samit çərçivəsində Ruhiyyə İsayeva beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.