Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi PECO-nun iclasında Hüquqi Yardım Mərkəzinin təcrübəsindən danışıb

19 aprel 2024    419 share share

Cari ilin aprel ayının 17-də Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin növbəti iclası keçirilib.

Onlayn formatda keçirilən iclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvü, ARVK-nın PECO-dakı səlahiyyətli nümayəndəsi Elçin Usub iştirak edib.

Tədbirdə Avropa İttifaqı Şurasının Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarına Gürcüstan Vəkillər Kollegiyasından (GVK) daxil olan sorğu barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. GVK-nın təqdim etdiyi hesabatın təqdimatından sonra üzvlərdən sözügedən ölkənin Vəkillər Kollegiyasının nümayəndələrinə müvafiq suallar ünvanlanıb.

Həmçinin, iclasda qurumun digər əlaqəli üzvlərdən və müşahidəçilərdən hesabatlar, vəkillik peşəsindəki mövcud vəziyyət, o cümlədən ədalət sistemlərindəki müvafiq dəyişikliklər barədə yenilənmiş məlumatlar təqdim olunub.

Bundan başqa, tədbirdə hüquqi yardımın aspektlərinə toxunulub, habelə hüquqi yardım hesabatında müəyyənləşdirilən əsas cəhətlər təqdim edilib. Sonra Komitə üzvləri ölkələrindəki mövcud hüquqi yardım sistemləri ilə bağlı milli təcrübələri bölüşüblər.

İclasda Elçin Usub iştirakçıları ARVK-nın Hüquqi Yardım Mərkəzinin təcrübəsi barədə məlumatlandırıb. Eyni zamanda, o, Mərkəzin təcrübəsini ukraynalı həmkarlarla bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra gündəliyə uyğun olaraq bir sıra məsələlər müzakirə edilərək fikir mübadiləsi aparılıb.