Cari ilin aprel
ayının 20-21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən
təşkil olunan ənənəvi Azərbaycan vəkillərinin IV şahmat çempionatı keçirilib.
Turnirin keçirilməsində
əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin
şahmata olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların
bacarıqlarını qiymətləndirməsindən ibarətdir.
İki gün davam edən
yarışın açılış günü ARVK-nın sədr müavini, “İdmançı Vəkillər” Fondunun idarə
heyətinin sədri Pərviz Ələkbərov çıxış edərək turnir iştirakçılarını
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və onlara uğurlar
arzulayıb.
Sədr müavini
Kollegiyanın hər il təşkil etdiyi və artıq ənənə halını alan şahmat turnirinin əhəmiyyətindən
danışaraq bu yarışın gələcəkdə dövlət qurumları ilə birgə keçirilməsinin nəzərdə
tutulduğunu bildirib.
Diqqətə çatdırılıb
ki, respublika üzrə ümumilikdə 30 şəxsin iştirak etdiyi turnirə ilk dəfə vəkilliyə
namizəd olan bir nəfər qatılıb.
Sonra çempionata
start verilib.
Gərgin və maraqlı
idman mübarizəsi şəraitində keçən yarışın sonunda Gəncə şəhər 1 saylı Vəkil
Bürosunun müdiri, vəkil Camal Əliyev birinci, Bakı şəhəri 6 saylı Vəkil
Bürosunun vəkili Sənan Süleymanlı ikinci və Bakı şəhəri 14 saylı Vəkil
Bürosunun vəkili Əli Həsrətov isə üçüncü yerin sahibi olub.
Yekunda Pərviz Ələkbərov
ilk 3 yerin qalibinə “Qanun” nəşriyyatının kitab mağazasından hədiyyə kartları,
müvafiq diplomlar və medalları təqdim edib.
Qeyd edək ki, turnirin mükafatçıları olan 3 vəkil ARVK-nın şahmat üzrə yığma komandasına birbaşa üzv seçilib.