Cari ilin aprel
ayının 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) “Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı”
mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında
DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin sürətlə inkişaf
etdiyini vurğulayıb. U.Ələkbərov müasir şəraitdə ekologiyanın, ətraf mühitin qorunmasının
önəmli məsələ olduğunu qeyd edib, Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətindən
söz açıb.
Konfransda çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev iştirakçıları
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun adından
salamlayaraq U.Ələkbərova VK-nın tədbirdə təmsil olunduğu üçün təşəkkürünü
bildirib. Professor “Ekoloji təhlükəsizlik prinsipi və sağlam ətraf mühitdə
yaşamaq hüququ” adlı məruzə ilə çıxış edib, insan hüquqları aspektindən ekosid
cinayətlərini təhlil edib, sağlam ətraf mühitdə yaşamaq hüququ barədə təklif və
tövsiyələrini səsləndirib.
Həmçinin, konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, lll dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və digər şəxslər müvafiq mövzuda məruzələr ediblər.