Aprelin
26-da Şirvan Kommersiya Məhkəməsinin təşəbbüsü ilə Şirvan şəhərində Şirvan
Kommersiya Məhkəməsinin hakimlərinin və Şirvan Kommersiya Məhkəməsinin
yurisdiksiyasında fəaliyyət göstərən bir qrup vəkillərin iştirakı ilə
“Kommersiya mübahisələrinə dair işlərə məhkəmədə baxılmasının xüsusiyyətləri”
mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirin
açılışında Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə “Birinci
instansiya məhkəmələrinin qərarlarından verilmiş şikayətlərin mümkünlük məsələləri”
mövzusunda çıxış edib.
Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr müavini - Hüquqi Yardım Mərkəzinin
direktoru Şahmar Məmmədov açılış nitqində iştirakçıları ARVK-nın sədri Anar
Bağırovun adından salamlayaraq dəyirmi masanın işinə uğurlar arzulayıb, tədbirin
vacibliyindən, əhəmiyyətindən danışıb. Son illər ARVK-da görülən işlərdən söz
açan sədr müavini “Elektron vəkil orderi” sisteminin artıq ictimaiyyətə təqdim
edildiyini və respublika üzrə uğurla fəaliyyətə başladığını bildirib.
Həmçinin,
Ş.Məmmədov bu qəbildən olan tədbirlərin, görüşlərin vəkillərin yüksək keyfiyyətli
hüquqi yardım göstərilməsi sahəsində fəaliyyətlərin daha da səmərəli həyata
keçirilməsinə xidmət etdiyini qeyd edib.
Sonra Şirvan
Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayev “Kommersiya mübahisələrinə dair
işlər üzrə məhkəməyə müraciət qaydaları. Məhkəmə təcrübəsində daha çox rast gəlinən
nöqsanlar“ mövzusunda, Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasov
“Kommersiya mübahisələrinə dair işlərə birinci instansiya məhkəməsində
baxılmasının xüsusiyyətləri” mövzusunda və “Şirvan Regional” Vəkil Bürosunun
müdiri Ruslan Mirzəyev “Kommersiya mübahisələrinin xüsusiyyətlərinə vəkil
baxışı” mövzusunda çıxış edərək, kommersiya məhkəmələrinin fəaliyyəti,
sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə məhkəmələrdə
baxılmasının xüsusiyyətləri, kommersiya mübahisələrinə dair işlərin məhkəməyəqədər
mərhələsində və mübahisələrə bilavasitə məhkəmələrdə baxılarkən işlərin məhkəməyə
hazırlanması, iddia ərizələrinin tərtibi və məhkəməyə təqdim edilməsində, həmçinin
birinci instansiya məhkəməsində icraat zamanı yol verilən nöqsanlar, o cümlədən
birinci instansiya məhkəməsinin aktlarından yuxarı instansiya məhkəmələrinə
verilən şikayətlərə dair prosessual qaydalar barədə ətraflı məlumat verilib,
qanunvericiliyin tələbləri və bu sahədə təşəkkül tapmış vahid məhkəmə təcrübəsi
görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Qarşılıqlı fikir mübadiləsi və sual-cavab formatında keçirilən görüşdə tədbir iştirakçıları müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildirib, onları maraqlandıran və fəaliyyətlərində daha çox qarşılaşdıqları məsələlərlə bağlı suallarla çıxış edib, öz rəy və təkliflərini səsləndiriblər.