Aprelin 30-da Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasının (ARVK) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə
təşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu”
mövzusunda seminar keçirilib.
Seminarda ARVK-nın sədri Anar Bağırov, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Ahmed Zaruq, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Vəkil Bürolarının müdirləri, vəkillər, o cümlədən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin hüquq müşaviri Jalə Əzizova və digər şəxslər iştirak edib.
Açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Sədr bəzi dövlətlər arasındakı münasibətlərdə gərginlik, silahlı münaqişə, konflikt ocaqlarının çoxalması, həmçinin, müharibələrin təşkilində və aparılmasında istifadə olunan texnikanın inkişafı müharibələrin dağıdıcılıq gücünü daha da artırdığını bildirərək, bunun da son dövrlərdə daha çox mülki əhalinin silahlı münaqişələrin qurbanlarına çevrilməsinə gətirib çıxardığını vurğulayıb.
Anar Bağırov təəssüf hissi ilə qeyd edib
ki, Azərbaycan da uzun müddət münaqişəyə cəlb olunub, insanlar çox əziyyət
çəkib, bu zaman humanitar hüququn normaları kobud şəkildə pozulub.
Sədr diqqətə çatdırıb ki, istər sülh
dövründə, istərsə də silahlı münaqişə və ya müharibə dövründə insan hüquq və
azadlıqlarının təminində, onların müdafiəsində, bu sahədə olan problemlərin
ədalətli həllinə nail olunmasında fundamental dayaq rolunu oynayan müstəqil
vəkillik təsisatının mühüm yeri vardır. Vəkillik institutu hüquqi dövlət
quruculuğunda insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin
edilməsində əsas rollardan birini oynayır. Azərbaycan vəkilliyi ədalətin və
insan hüquq və azadlıqlarının qoruyucularından biri kimi həbsdə olan hər bir
şəxsə beynəlxalq humanitar hüququn tələb etdiyi hörmət və ədalətlə rəftarın
təmin edilməsində dəstək olmalıdır.
Vəkillər Kollegiyasının bu sahədə bir sıra
qurumlarla səmərəli əməkdaşlıq etdiyini söyləyən sədr BQXK-nın Azərbaycandakı
nümayəndəliyini xüsusilə vurğulayıb, son illər Komitənin gördüyü işlərdən, hər
iki qurum tərəfindən təşkil edilən tədbirlərdə yüzlərlə vəkilin iştirak
etməsindən danışıb.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin
müdafiə işləri üzrə koordinatoru Ahmed Zaruq açılış nitqində iştirakçıları
salamlayaraq, qonaqlara minnətdarlığını bildirib, seminarın ondan ötrü xüsusi
əhəmiyyət daşıdığını söyləyib.
Professor Əmir Əliyev çıxışında beynəlxalq
humanitar hüququn əhəmiyyətindən bəhs edib, bu sahədə beynəlxalq və milli
hüququn qarşılıqlı nisbət məsələsini təhlil edib, o cümlədən fəaliyyətinə görə
Komitəyə təşəkkürünü dilə gətirib.
Sonra Komitənin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri İlahə Hüseynova BQXK və onun fəaliyyəti barədə məlumat verib,
Jalə Əzizova isə beynəlxalq humanitar hüququn saxlanılan şəxslərə münasibətdə
müəyyən etdiyi öhdəliklər barədə məruzə ilə çıxış edib. Eyni zamanda, seminar
iştirakçıları BQXK-nın saxlanma yerlərinin fəaliyyəti barədə də
məlumatlandırılıb.
Seminarın sonunda vəkillərin sualları
cavablandırılıb və iştirakçılar sertifikatlarla təltif edilib.