Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Konstitusiya Məhkəməsində Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr edilən elmi-nəzəri konfrans keçirilib

03 may 2024    436 share share

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin dekanı Mehmet Yüce, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış alimlər iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri ümumi dövlət quruculuğu prosesinin əsasının qoyulması idi. Həmin proses çərçivəsində əlamətdar hadisələrdən biri - 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik vətəndaş cəmiyyətinin yaradılmasına, dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasının yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına imkan yaratdı. Həmçinin qeyd edilib ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təsis edildi.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici dövrünü yaşayır. İşğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilməsi, suverenliyimizin bərpası milli inkişafımızın yeni mərhələsinin başlanğıcıdır. Şanlı Zəfər sayəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuş Azərbaycanın ərazisində tam bərpa edildi.

Vurğulanıb ki, işğaldan azad edilmiş torpaqlarda qısa zaman kəsiyində aparılan bərpa və quruculuq işləri, genişmiqyaslı infrastruktur layihələrinin icrasının başa çatdırılması, eyni zamanda, həmin ərazilərdə əhalinin məskunlaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.

ARVK-nın sədri Anar Bağırov “Hüquqi yardım almaq hüququnun beynəlxalq hüquq normaları və xarici dövlətlərin konstitusiyalarında təsbiti: müqayisəli-hüquqi təhlil” mövzusunda çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Sədr vəkillik institutunun hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin önəmli sosial-hüquqi institutu kimi insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində vacib rol oynadığını deyib.

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının və fəaliyyətinin bilavasitə Ulu Öndərin adı ilə bağlı olmasının danılmaz fakt olduğunu bildirən Anar Bağırov hələ Sovet İttifaqı dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəaların öz əksini tapdığını və bununla da vəkilliyə yüksək konstitusion status verildiyini söyləyib.

Sədr mühüm beynəlxalq sənədlərin adlarını qeyd edərək diqqətə çatdırıb ki, beynəlxalq hüquq normalarında əks olunan müddəaların dövlətlərin milli qanunvericliklərində əks olunması insan hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir və dövlətlərin əsas prioritetlərindəndir.

Anar Bağrıov bildirib ki, məhkəmə hüquq sahəsində əsası Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi islahatlar Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə diqqət və qayğısının bariz nümunəsidir.  

Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə də toxunan sədr bunun nəticəsində ehtiyacı olan hər kəsin dövlət hesabına keyfiyyətli hüquqi yardıma əlçatımlılığın təmin olunduğunu vurğulayıb.

Həmçinin, çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin xalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyev tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil dövlətimizin qurucusu, azərbaycançılıq ideologiyasını yaşadan, xalqımızın iradəsini ifadə edən siyasi lider kimi, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub.

Konfransın praktiki hissəsində “Konstitusiya nəzarət orqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqi mövzular üzrə məruzələr səsləndirilib, hüquq elminin aktual məsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı kimi Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və milli maraqlara söykənən siyasət, həyata keçirilən dövlət proqramları və genişmiqyaslı layihələr ölkəmizin dayanıqlı inkişafına, həmçinin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, Vətənimizi qalib ölkəyə çevirib. Əzəli torpaqlarımızın geri qaytarılması, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman kəsiyində nəhəng bərpa-quruculuq işlərinin həyata keçirilməsi və əhalinin məskunlaşdırılması hər birimizi qürurlandırır və bizi dövlət başçısının ətrafında sıx birləşərək böyük uğurlara imza atmağa ruhlandırır.