Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) rəsmi səfərdədir.
Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq mayın 7-də Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) tərəfindən ARVK-nın rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər Vəkil Bürosunda (VB) pulsuz hüquqi yardım aksiyası keçirilib.
Aksiyadan əvvəl nümayəndə heyəti NMRVK-nın inzibati binasında son illər yaradılmış şərait ilə tanış olub. Sonra vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin, müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər sosial məsələlərlə bağlı olub.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq Şərur rayon VB-nin inzibati binasında da pulsuz hüquqi yardım aksiyası keçirilib.
Qeyd edək ki, ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri - Pərviz Ələkbərov, Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri - Dilarə Əfrasiyabova, Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram Orucov, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə təmsil olunub.