Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti
Naxçıvan Muxtar Respublikasında (NMR) rəsmi səfərdə olub.
Cari ilin 7-8 may tarixlərində Ulu Öndər
Heydər Əliyevin 101 illiyi və NMR-in 100 illiyi çərçivəsində, ARVK tərəfindən
təşkil olunmuş silsilə tədbirlər zamanı, III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə konfransda,
Naxçıvan ASAN Vəkil Bürosunun açılışında, pulsuz hüquqi yardım aksiyasında və
vəkilliyə namizədlərin təntənəli and içmə mərasimində iştirak edib.
Mayın 8-i ilk olaraq Ulu Öndər Heydər
Əliyevin abidəsi və muzeyi ziyarət edilib, daha sonra “Blokada şəraitində hüquq
təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda
keçirilmiş konfransda İbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı”
mövzusunda təqdimatla çıxış edib.
O, Dövlət Proqramı çərçivəsində GZİT (SWOT)
təhlili və dünyadakı bənzər strateji şəhərlərin müqayisəli göstəricilərini təqdim
edərək potensial inkişaf yollarını qeyd edib.
Tədbirdə NMR-də Prezidentin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli, Ali Məhkəmənin sədri Səadət Bəktaşi, Prokuror Sənan
Paşayev, Ədliyyə Naziri vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, digər
qurum rəhbərləri, deputatlar, vəkillər və başqa rəsmilər çıxış və iştirak
ediblər.
Səfər zamanı Şahbuz, Ordubad, Babək
rayonlarının tarixi, gəzməli-görməli yerlərinə ziyarət edilib, daha sonra
mədəni proqram təşkil olunub.