Mayın 17-də "De
Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
(ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
Görüş zamanı ARVK-nın
sədri Anar Bağırov yeni təyin olunan hakimlərə gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Demokratik hüquqi
dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyən sədr məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işləri, Məhkəmə-Hüquq
Şurasının fəaliyyətini, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələri,
gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsini dilə gətirib, o cümlədən
ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu
vurğulayıb.
Anar Bağırov hakim
təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına
töhfə verəcəklərinə əminliyini dilə gətirib, şərəfli hakim adını hər zaman uca
tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi
tövsiyə edib.
Prezidentin 13 may
2024 tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfəri ARVK-nın üzvü
olduğunu söyləyən sədr bildirib ki, bu, çox yüksək göstəricidir. Eyni zamanda
göstəricilərə əsasən hazırda vəkillik digər sahələrlə yanaşı, məhkəmə
hakimiyyəti üçün də kadr bankına çevrilib.
Diqqətə çatdırılıb ki,
vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik
nümayiş etdirən ARVK-nın 8 üzvü - Vəliyeva Ayşən Umud qızı Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə, İsmayılov
Roman İsmayıl oğlu Füzuli Hərbi Məhkəməsinə, Məmmədli Samirə Məhəmməd qızı
Sabunçu Rayon Məhkəməsinə, Seyidov Mirsadiq Mirsəttar oğlu Yasamal Rayon
Məhkəməsinə, Kərimova Firuzə Şahin qızı Abşeron Rayon Məhkəməsinə, Abdullayev
Ziya Yaşar oğlu Bərdə Rayon Məhkəməsinə, Abbasova Ellara Həsən qızı Masallı
Rayon Məhkəməsinə və Vəliyev Osman Akif oğlu isə Cəlilabad Rayon Məhkəməsinə
Prezidentin 13 may 2024 tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Daha sonra Anar
Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin
qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.