16-18 may 2024-cü il tarixlərində
Türkiyənin Balıkesir Universitetinin təşkilatçılığı ilə 10-a yaxın xarici
təhsil müəssisələrini birləşdirən İnzibati hüquq və inzibati yurisdiksiyaya
dair beynəlxalq simpozium keçirilib.
Simpoziumda onlayn çıxış edən Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri
doktoru, professor Əmir Əliyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK)
sədri Anar Bağırovun adından iştirakçıları salamlayıb, təşkilatçılara, xüsusən
Balıkesir Universitetinin rektoru professor Yücel Oğurluya öz təşəkkürünü
bildirib.
Hüquq təhsili, insan hüquqlarının müdafiəsi
və informasiya mübadiləsi sahəsində Türkiyə və Azərbaycan əməkdaşlığı barəsində
ətraflı şərh verən Əmir Əliyev simpoziumun əhəmiyyətini xüsusi olaraq qeyd edib.
İnformasiya sahəsində məlumatlılıq və
maarifləndirmə işinin hüquqi aspektlərini şərh edən ARVK-nın İxtisas
Komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov və Bakı Dövlət
Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ
UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva internet
əlyetərliyinin hüquqi təminatlarına dair tezislə çıxış edib.
Simpoziumda BDU-nun Hüquq fakültəsinin
dekanı Zaur Əliyev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının
müəllimi Əkbər Əliyev də iştirak ediblər.
Simpoziumun bir bölümü üzrə moderatoru BDU-nun
Hüquq fakültəsinin dekanı Z.Əliyev olub.
Balıkesir Universitetinin rektoru professor Y.Oğurlu ARVK və BDU-nun Hüquq fakültəsinə əməkdaşlığa və tədbirdə iştiraka görə öz minnətdarlığını bildirib.