Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

HƏFTƏSONU OXUSU: VƏKİL PEŞƏSİNİN GƏLƏCƏYİ BARƏDƏ DÜŞÜNCƏLƏR

19 avqust 2018    3113 share share

Son dövrlər Qərbdə vəkil peşəsi, habelə hüquq təhsilinin gələcəyi barədə çoxsaylı yazılar yazılmaqda, mövqelər bildirilməkdədir. Bu, xüsusilə yeni texnologiyaların gətirdiyi innovativ həllər, ələlxüsus süni intellektin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətlər ilə birbaşa əlaqədardır.

Beləliklə, saytımızın oxucularını hazırda qeyd olunan sahədə hökmran olan mövqelər ilə ümumiləşdirilmiş qaydada tanış etmək istərdik.

Təbii ki, 21-ci əsrdə vəkil peşəsini rəqəmsal texnologiyalarsız təsəvvür etmək mümkün deyildir. Yaxın onillikdə isə bu kimi texnologiyalardan istifadədə “tənbəllik” edən vəkillərin fəaliyyəti barədə hər hansı qənaətbəxş proqnozlar vermək mümkünsüz olacaqdır. Bu hal, təbii ki, bizim ölkəmizə də aiddir.

Texnoloji inqilab istədik-istəmədik hüquq peşəsinin inkişafını nəinki qabaqlamaqda, hətta onu konturlarının müəyyənləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir etməkdədir. Belə ki, bu dövrdə oxuma-yazma vərdişləri olan istənilən şəxs üçün məlumatlara çatımlılıq o səviyyədədir ki, artıq vəkillərin hüququn müxtəlif sahələri üzrə ekspert statuslarını saxlamaları çətinliyə çevrilmişdir. Belə olan halda vəkillər insanların həyatına təsir edən hüquqi məlumat bazalarının idarə edilməsi üzrə mütəxəssisə çevrilməkdədirlər.

Hazırda ali hüquq təhsili verən təhsil müəssisələri də hüquq tədrisi üzrə öz strategiyalarına ciddi surətdə əl gəzdirməli, elə tədris, təcrübə üsulları seçməlidirlər ki, tələbələrin ali təhsili bitirdikdən sonra birbaşa əmək bazarına çıxış imkanı tam təmin edilmiş olsun. Çünki artıq bu gün onların kommersiya maraqlarına cavab vermədiyi üçün hüquq şirkətlərinin böyük bir qismi iş yerlərində könüllü hüquqşünaslar işlətməkdə maraqlı deyillər. Və əgər ali təhsil müəssisəsini bitirən şəxsin əmək bazarına real çıxışı ən yaxşı halda əlavə 1-2 il uzanırsa, bu cür təhsil nə dərəcədə faydalı ola bilər?!

Bu gün əksər inkişaf etmiş ölkələrdə 2-3 il davam edən müxtəlif sürətləndirilmiş hüquq kurslarına və ya ixtisaslaşmış hüquq məktəblərinə daxil olmaqla da vəkil peşəsinə çatımlılıq mümkündür. Hazırda vəkil peşəsi müxtəlif biznes modellərinə cavab verəcək şəkildə optimallaşdırılmaqdadır. Müxtəlif iqtisadi modellər vəkil peşəsinin formalaşma prosesinə, dolayısilə vəkillərin gələcək karyerlarına əhəmiyyətli təsir göstərməkdədir. Hətta bu peşədə təbəqələşmə o həddə çatmışdır ki, “varlıların vəkilləri” və “kasıbların vəkilləri” təbəqəsi formalaşmaqdadır. Bu laylaşma vəkillərin arasında öz peşəsinə münasibətdə də mənfi mənada fərqli yanaşmaların yaranmasına şərait yaradır ki, bu, vəkilliyin təməl qayəsinə münasibətdə kənara sapmalara rəvac vermiş olur.

Bu kimi stratofikasiyanı aradan qaldırmağın təməl yolu vəkil peşəsinin əsas məqsədinin dərk edilməsindən keçir. İlk əvvəl vəkillik hüquqi yardım göstərilməsi ilə müşayiət olunan peşəkar hüquq müdafiə fəaliyyətidir. Ona görə də vəkillər dövri də olsa, insanların hüquq maariflənməsi, yeni hüquqşünasların yetişdirilməsi, eyni zamanda hüquqi yardıma ehtiyacı olan həssas təbəqələrə təmənnasız yardım etməlidirlər. Təbii ki, bu prosesdə göstərilən yardımın səmərəlliliyinin artırılması məqsədilə vəkillər lazımi səviyyədə texnoloji alətlərdən istifadə etməlidirlər.

(c) VKRH