Ankara şəhərində rəsmi səfərdə olan Türk
dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin
Ədliyyə Nazirliyinin inzibati binasını ziyarət edib.
Rəsmi ziyarətdə Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk
Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri
iştirak edib.
Açılış nitqi ilə çıxış edən ədliyyə naziri
Yılmaz Tunç görüşdən məmnunluğunu ifadə edərək Türk Dövlətləri Təşkilatının
(TDT) tarixindən danışıb, ilk dəfə 1992-ci ildə Ankara şəhərində Türk Dili
Danışan Ölkələr Zirvəsinin keçirildiyini və bununla da TDT-nin təməlinin
qoyulduğunu vurğulayıb.
Eyni zamanda nazir diqqətə çatdırıb ki, tək
vəkillikdə deyil, ədliyyə, Hakimlər və Prokurorlar Şurası, notariat, mediatorluq
və digər sahələrində də belə birliklər yaradılıb və yaradılmaqda davam edir. Yaxın
zamanlarda türkdilli dövlətlərə səfər edəcəyini söyləyən Yılmaz Tunç səfər
çərçivəsində həmin ölkələrin Vəkillər kollegiyalarını ziyarət edəcəyini deyib.
O, Türk dünyası Vəkillər kollegiyalarının
əməkdaşlığının sürətlə inkişaf etdiyini, hüquq sahəsində bunun vacibliyini
ifadə edib.
Həmçinin görüşdə Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri
çıxış edərək əməkdaşlığın vacibliyini vurğulayıb, görüşün məqsədi və əhəmiyyəti
barədə ətraflı məlumat verib, habelə fikir mübadiləsi aparılıb və bir sıra
məsələlər müzakirə olunub.
Sonda ARVK-nın sədri Anar Bağırovla nazir
Yılmaz Tunç bir-birilərinə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.