Mayın 23-də Türkiyənin paytaxtı Ankara
şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər
kollegiyalarının zirvə görüşü keçirilib.
Toplantıda Türkiyə və Azərbaycanla yanaşı,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk
Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri
iştirak edib.
Görüşün məqsədi Türk dünyası Vəkillər
kollegiyalarının rəhbərləri arasında fikir mübadiləsi aparmaq və mümkün
əməkdaşlığın qiymətləndirilməsi, onun qurulması yollarının müzakirə
edilməsindən ibarət olub.
Mərasimdən əvvəl nümayəndə heyətləri
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni
- Anıtqəbiri ziyarət ediblər, məzarı önünə əklil qoyublar. Türk dünyasının
böyük oğlunun əziz xatirəsi yad olunub.
Sonra toplantı öz işinə başlayıb, tədbiri
giriş sözü ilə açan TBB-nin başqanı Erinç Sağkan qonaqları salamlayaraq görüşün
əhəmiyyəti barədə məlumat verib, qanunun aliliyinin təmin edilməsinə,
vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə verən hüquq sahəsində sıx
dialoqun əhəmiyyətini qeyd edib.
ARVK-nın sədri Anar Bağırov çıxış edərək
iştirakçıları salamlayıb, görüşün işinə uğurlar arzulayıb, Türk dünyası
Vəkillər kollegiyalarının vəkilləri arasında sıx əməkdaşlığın, təcrübə
mübadiləsinin, vəkillər üçün beynəlxalq təlimlərin, konfransların
keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Türkiyə dostluğundan,
qardaşlığından danışan sədr keçirilən toplantını tarixi gün adlandırıb,
gələcəkdə bu mühüm hadisənin xoş xatirə kimi xatırlanacağını ifadə edib.
Anar Bağırov çıxışının davamında türk
dövlətlərinin vəkillərinin əməkdaşlığı üzrə yeni təşkilatın yaradılmasına
ümidvar olduğunu bildirib və bütün vəkilləri bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Həmçinin mərasimdə Qazaxıstan Milli VK-nın sədri Aidyn Bikebayev, Qırğızıstan Vəkillər Şurasının sədri Meyil Begilerova, Şimali Kipr Türk Cümhuriyyətinin VK-nın sədri Hasan Esendağlı, Özbəkistan VK-nın sədri Shulhrat Sadikov və Türkmənistanın Aşqabad VK-nın sədri Bestyr Eyvanova çıxış edib, görüşün əhəmiyyətindən danışıblar.
Daha sonra fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq qiymətləndirilib.
Mərasimdə Türk dünyası Vəkillər
kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin
Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o
cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüş çərçivəsində ARVK-nın sədri Anar
Bağırov TBB-nin prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi”
yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda Naxçıvan Muxtar
Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana
Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib və xatirə şəkili
çəkdirilib.
Sonda tədbir iştirakçıları üçün rəsmi
ziyafət təşkil edilib.