Mayın 24-də
Ankara şəhərində rəsmi səfərdə olan Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi
və nümayəndə heyətləri Türkiyədə bir sıra mühüm görüşlərdə iştirak ediblər.
Səfər çərçivəsində
nümayəndə heyətləri Türkiyənin Ali Məhkəməsinin sədri Ömər Kerkezi,
Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati
Məhkəmə) başqanı Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər.
Rəsmi
ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan
və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və
nümayəndə heyətləri iştirak edib.
Əvvəlcə
Ankaradakı Heydər Əliyev Parkı ziyarət edilib, Azərbaycan xalqının Ümummilli
Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub, xatirəsi dərin
ehtiram və hörmətlə yad olunub.
Sonra
nümayəndə heyətləri Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin bina kompleksi,
muzey, iclas zalları ilə tanış olublar, Danıştayın bütün ölkə üzrə fəaliyyət və
strukturu barədə ətraflı məlumatlandırılıblar.
Görüşlər
zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar
Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək türk dünyasının məhkəmə-hüquq
və vəkillik sahəsindəki təcrübələri barədə danışıblar, aparılan islahatlar
müzakirə olunub, vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi
vurğulanıb. Eyni zamanda görüşlərin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumatlar
verilib, habelə fikir mübadiləsi aparılıb.
Həmçinin
Türk dünyası Vəkillər kollegiyaları rəhbərliyinin keçirilən zirvə görüşünə,
imzalanan niyyət bəyannaməsinə toxunulub. Bu tarixi olay Türkiyənin məhkəmə
hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən yüksək qiymətləndirilib,
hadisənin türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına
mühüm töhfə verəcəyi qeyd edilib.
Sonra
qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib, niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.