Ölkə Prezidenti cənab İlham Əliyevin
Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində
Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam
etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas
imtahanları keçirilməkdədir.
Hazırda yazılı və şifahi imtahanlarda
müvəffəqiyyət qazanmış 45 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari
təlim davam etdirilir.
Cari ilin may ayının 27-də isə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar
Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən sədr
namizədlərə uğurlar arzulayıb, təlim zamanı vəkillərin lazımi biliyə və peşə
hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi
diqqət yetirildiyini dilə gətirib.
İnsan haqlarının qorunması, vəkil etikası
və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə
tədris edildiyini söyləyən Anar Bağırov icbari təlimdə 45 vəkilliyə namizəddən
21 nəfər qadının, 24 nəfər isə kişinin iştirak etdiyini və habelə onlardan 89
faizinin 40 yaşadək olduğunu deyib.
Vəkillərin ilkin icbari və davamlı
tədrisinin əhəmiyyəti barədə danışan sədr son dövrlər Azərbaycan vəkilliyində
aparılan islahatlardan, vəkillərin sayının artırılması istiqamətində görülən
işlərdən, o cümlədən onların yenilənməsindən, cavanlanmasından,
müasirləşməsindən və təkmilləşməsindən söz açıb. Anar Bağırov son illər tədris
prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların
aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini,
əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud
olduğunu diqqətə çatdırıb.
Eyni zamanda sədr ötən həftə başçılıq etdiyi
nümayəndə heyətinin Türkiyədə rəsmi səfərdə olduğunu, Türkiyə Barolar
Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər
kollegiyalarının zirvə toplantısını, imzalanan niyyət bəyannaməsini, o
cümlədən iştirak etdikləri bir sıra mühüm görüşləri xatırladaraq bu
istiqamətdə vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi
vurğulanıb.
Həmçinin Anar Bağırov Kollegiyanın son
illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət
qurumları ilə işgüzar əməkdaşlıqlardan danışıb, vəkillikdən irəli gələn
təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini qeyd edib.
Sədr xüsusi ilə nəzərə çatdırıb ki,
vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin
etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli,
vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və
qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.
Anar Bağırov vəkillik institutunun inkişafı
ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə
fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına
artırılmasının önəmi barədə vurğulayıb. O, bu Sərəncamın ilk dəfə olaraq
vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini
müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından
biri olduğunu bildirib.
Daha sonra ARVK sədrinin "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.