İyunun 1-də
Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) tam dəstəyi ilə təşkil olunan XIII Milli Məhkəmə Müsabiqəsinin
final mərhələsi keçirilib.
Tədbirdə
ARVK-nın sədri Anar Bağırov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov
və digər şəxslər iştirak ediblər.
Tədbirdə
açılış nitqi ilə çıxış edən Çingiz Əsgərov qeyd edib ki, Ali Məhkəmə tələbələrin
inkişafında, onların hazırlıqlı olmasında, nəzəri biliklərlə yanaşı, təcrübi
biliklərinin də inkişaf etdirilməsində maraqlıdır. O, Milli Məhkəmə Müsabiqəsinin
hüquq təhsili alan tələbələrin biliklərinin təkmilləşdirilməsində müsbət rol
oynayacağını vurğulayıb.
Vəkillər
Kollegiyası, ELSA Azərbaycan və Gənclər Fondu ilə layihə çərçivəsində əməkdaşlığı
yüksək qiymətləndirən Çingiz Əsgərov final mərhələsinə yüksələn komandaları təbrik
edərək onlara uğurlar arzulayıb.
ARVK-nın sədri
Anar Bağırov çıxışında finalçıları təbrik edib, tələbələrə göstərdiyi dəstəyə
görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirib, Kollegiya ilə ELSA Azərbaycan
arasında qurulan səmərəli əməkdaşlıqdan danışıb. Sədr 2018-ci ildən etibarən
Kollegiya ilə ELSA Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalandığını,
bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirildiyini, o cümlədən ARVK-nın
gənc hüquqşünaslara hər zaman dəstək göstərdiyini qeyd edib. Yarışda Kollegiya
üzvlərinin də qatıldığını söyləyən Anar Bağırov vəkillərin layihənin ilk günündən
tələbələrə təlimlər keçdiyini, həmçinin ¼ və yarımfinal mərhələsində onların hakim
qismində iştirak etdiyini vurğulayıb.
Sədr ARVK-nın
hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, ali təhsil
müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, rəhbərlik etdiyi qurumun
Hüquq fakültələri olan bütün universitetlər ilə memorandumlar imzalandığını
vurğulayıb, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə
300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə
keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və Hüquq fakültələrinin
layihələrinə sponsorluq edildiyini diqqətə çatdırıb, habelə hüquqşünas tələbə təşkilatları
ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb.
Sonra
deputat Kamal Cəfərov çıxış edərək gənc hüquqşünasların ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatlarına töhfə vermək üçün daha çox çalışmalı olduğunu, bu kimi layihələrin
dövlət başçısının gənclərə göstərdiyi qayğının, eyni zamanda ölkəmizdə həyata
keçirilən məhkəmə-hüquq islahatlarının təzahürü olduğunu bildirib.
Daha sonra
ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə hüquq tələbələrinin peşəkar
hüquqşünas kimi yetişməsi istiqamətində təşkilatın fəaliyyət istiqamətlərindən
bəhs edib və müsabiqəyə tərəfdaşlıq edən qurumlara və təşkilatlara xüsusi təşəkkürünü
vueğulayıb.
Sonra hüquq
üzrə fəlsəfə doktoru Məleykə Bayramova, Azərbaycan Respublikasının Gənclər Təşkilatları
Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları
ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə çıxış edib və
qalibləri təbrik ediblər.
Daha sonra
final mərhələsində iddiaçı qismində "Fair Ladies", cavabdeh qismində
isə "Topatanlar" komandası çıxış ediblər.
Finalçıların
çıxışları Ali Məhkəmənin hakimləri - Əhməd Əhmədov, İspəndiyar Şəfiyev, Vüqar Həsənov
tərəfindən qiymətləndirilib. Nəticədə "Topatanlar" komandasının üzvləri
Tural Həsənov və Siyavuş Bağırov qalib elan olunub, "Fair Ladies"
komandasının üzvləri Gülidə Vəliyeva və Xədicə Məmmədova isə II yerə layiq
görülüb.
Sonda
qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilib. İkinci
yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat və sertifikat təqdim olunub.
Həmçinin müsabiqədə “Ən yaxşı natiq” nominasiyasına görə "Topatanlar" komandasının üzvü Siyavuş Bağırov layiq görülüb.