May ayının 31-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.
İclasda ümumilikdə 19 müraciət əsasında
(onlardan 1 müraciət digər işlə eyni icraatda olmaqla) başlanılan intizam
icraatları üzrə 18 işə baxılıb, 4 iş əlavə araşdırma aparılması üçün təxirə
salınıb, 14 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 8 intizam işi üzrə vəkilin hərəkətlərində
pozuntunun olması;
- 2 intizam işi üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması;
- 1 intizam işi üzrə vəkilin hərəkətlərinə
hüquqi qiymət verilməsinin mümkün olmaması;
- 3 intizam işi üzrə icraata xitam
verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.
Müvafiq rəy qəbul edilən işlərin 7-si
fiziki şəxslərdən, 3-ü vəkil qurumlarından, 2-si məhkəmələrdən, 1-i prokurorluq
orqanlarından, 1-i isə hüquqi şəxslərdən daxil olan müraciətlər əsasında
başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilən işlərin 4-ü fiziki şəxslərin, 3-ü vəkil qurumlarının, 1-i
isə məhkəmələrin müraciətləri üzrə olub.
Prokurorluq orqanlarından daxil olan 1
müraciət və hüquqi şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması, məhkəmələrdən daxil olan 1 müraciət üzrə isə vəkilin
hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilmiş intizam işlərindən:
- 2 intizam işində “vəkilin Vəkillər
Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz
səbəbdən ödəməməsi” (2 vəkillə bağlı 2 fakt);
- 1 intizam işində “vəkilin dövlət hesabına
hüquqi yardımın göstərilməsi ilə bağlı qərarın qeydə alınması, növbətçiliyə
uyğun icrası və vəkil orderinin tərtib edilməsi qaydalarına riayət etməməsi” (2
vəkillə bağlı 2 fakt);
- 1 intizam işində “vəkilin dövlət hesabına
hüquqi yardımın göstərilməsi ilə bağlı hesabatın tərtib edilməsi qaydalarına
riayət etməməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin göstərdiyi
hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması”
(1 vəkillə bağlı 1 fakt) və “hüquqi yardım göstərilməsi barədə müqavilədə
nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” (1
vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin qabaqcadan
təyin olunmuş məhkəmə iclaslarında hər hansı məlumat vermədən və üzürlü səbəb
olmadan iştirak etməməsi” (1 vəkillə bağlı 3 fakt) və “hüquqi yardım göstərilməsi
barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən
istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin göstərdiyi
hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması”
(1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.