Cari ilin
iyun ayının 7-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda
çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti
barədə məlumat verib.
İclas gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi
uğurla başa vuran üç vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr
təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra
ARVK-nın ictimai fəaliyyətinə verdiyi töhfələrə görə Kollegiyanın Rəyasət Heyətinin
üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Lalə Nağıyeva Vəkillər
Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib. Eyni
zamanda mayın 24-də "Güvən" Vəkil Bürosunun vəkillərinin ümumi
yığıncağında Kollegiyanın Rəyasət Heyətinin üzvü Vüqar Babayevin büro müdiri vəzifəsinə
seçilməsi münasibəti ilə təbrik edilib, ona gələcək fəaliyyətində uğurlar dilənib.
Bundan
başqa, Cinayət Prosessual Məcəlləsinə elektron cinayət təqibi ilə bağlı dəyişiklərə
dair təkliflərə baxılıb və müsbət qərar çıxarılıb.
İclasda
“Elektron vəkil orderi”nin tətbiqi ilə bağlı cari vəziyyət barədə məruzə dinlənilib.
Nəzərə çatdırılıb ki, “Elektron vəkil orderi” vasitəsi ilə 37 Vəkil Bürosunda və
fərdi qaydada fəaliyyət göstərən 18 vəkil tərəfindən indiyədək ümumilikdə
1000-dən artıq müqavilə imzalanılıb.
Həmçinin
iclasda iki vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin
dayandırılması və onların mükafatlandırılması qərara alınıb.
Eyni
zamanda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədrinin yeni
yaradılan Şərur rayon Vəkil Bürosuna maddi dəstəyin göstərilməsi barədə müraciətinə
və o cümlədən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan
nümayəndəliyi tərəfindən təşkil olunan XIII "Milli Məhkəmə Müsabiqəsi"nə
dəstək göstərilməsi məsələsinə baxılıb və müsbət qərarlar qəbul edilib.
Daha sonra
bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük
haqqından azad edilməsi və öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi
ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın
davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti
tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti 1 il
müddətinə, 1 vəkilin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 1 vəkilə töhmət
verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə
isə xəbərdarlıq olunub.
Sonda
Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə
baxılıb.