Ədliyyə Nazirliyi Penitensiar xidmətin
rəhbərliyi ilə Vəkillər Kollegiyasının (VK) rəhbər heyəti arasında birgə
fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.
Görüşdə ədliyyə nazirinin müavini -
Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə
naziri Fərid Əhmədovun tapşırığına əsasən həbs edilmiş şəxslərin və məhkumların
hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Vəkillər Kollegiyası ilə
sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
VK-nın hər zaman məhkumların hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən
nazir müavini həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın
göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif cəzaçəkmə
müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi
yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin
müddəalarının ətraflı izah edildiyini bildirib.
Qəbula görə ədliyyə naziri Fərid Əhmədova
və nazir müavini Mirsaleh Seyidova minnətdarlığını ifadə edən VK-nın sədri Anar
Bağırov hər iki qurum arasında ilk dəfə bu cür səmərəli görüşün keçirildiyini
vurğulayıb, son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların
vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm
islahatları xüsusi qeyd edib.
Vəkillərin əsas vəzifəsinin insanlara
keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Anar
Bağırov məhkumların qarşılaşdığı hüquqi problemlərin həlli istiqamətində bundan
sonra da zəruri tədbirlərin görüləcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri
müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti
illərdə məhkumlara ödənişsiz hüquqi yardımın göstərilməsi, eyni zamanda,
Kollegiyanın Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı
cəzaçəkmə müəssisəsi arasında birgə tədbirlərin təşkili məsələləri müzakirə
edilib.
Sonda qonaqlar Penitensiar xidmətin Baş
idarəsinin inzibati binası ilə, eləcə də muzeydə Ulu Öndər Heydər Əliyev və
Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olublar.