Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vətəndaşlara növbəti dəfə ödənişsiz hüquqi yardım göstərilib

15 iyun 2024    543 share share

15 iyun - Milli Qurtuluş Günü, Qurban bayramı münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

Belə ki, iyunun 14-də Bakı şəhəri 20 saylı Vəkil Bürosunun (VB) vəkilləri Lerik rayonunda səfərdə olub. ARVK-nın, Lerik Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə rayon sakinlərinə pulsuz hüquqi yardım aksiyası təşkil edilib.

Aksiyadan əvvəl rayon ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Lerik rayon Mədəniyyət Mərkəzində təşkil olunan və 10-dan artıq vəkilin iştirak etdiyi aksiyada 40-dan çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Həmçinin “Açıq qapı” günü çərçivəsində Bakı şəhəri 11 saylı VB, Bakı şəhəri 25 saylı VB, Gəncə şəhər 1 saylı VB, Şirvan Regional VB və Cəlilabad rayon VB-nin üzvləri vətəndaşlara pulsuz hüquqi yardım aksiyası təşkil ediblər.

Aksiyada vəkillər tərəfindən ümumilikdə 100-dən artıq vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Eyni zamanda sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.