İyunun 21-də “Badamdar Estates”
mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları
üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
(ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV
nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və
vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi, Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə
başlayıb.
Mərasimdə Kollegiya sədri Anar Bağırov
çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha
da yüksələn nüfuzundan danışıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü,
gücləndiyini və vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini
vurğulayıb.
Sədr Prezident cənab İlham Əliyevin
tövsiyəsinə uyğun olaraq vəkillərin sayının artdığını, dövlət başçısının ölkədə
vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərdiyini
bildirib, ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu
təşkilatlara üzv qəbul edilməsindən, “İnsan hüquqları aylığı” çərçivəsində
vəkillərin fəal iştirakından söz açıb, habelə digər məsələlər barədə tədbir
iştirakçılarına məlumat verib. Bildirilib ki, müxtəlif bayramlar və o cümlədən
“İnsan hüquqları aylığı” çərçivəsində 1500-ə yaxın vətəndaşa pulsuz hüquqi
yardım göstərilib.
Həmçinin Anar Bağırov son dövrlər
vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük
üstünlük verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil
orderi” sisteminin hazırkı fəaliyyətindən danışıb, o cümlədən bu sistem vasitə
ilə 47 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 20 vəkil tərəfindən
indiyədək ümumilikdə 1300-ə yaxın müqavilə imzalanıldığınıvurğulayıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ildən
indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu
imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında
uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu
gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa
vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar.
Eyni zamanda bildirilib ki, namizədlər
sırasında əvvəllər hakim işləmiş 6, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər
qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə
cəlb olunmadan andiçmə mərasiminə buraxılıb. O cümlədən 3 hüquq elmləri doktoru
vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib. Beləliklə, vəkillərin
sayı 2502 nəfərə çatıb.
Hazırda andiçmə mərasimində iştirak edən
vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin
sayı 503 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.
Sonra tədbirdə Ombudsman Səbinə Əliyeva
çıxış edərək vəkillərin məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb, vəkillik
institutunun insan, vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin
vacib təminatı kimi çıxış etdiyini qeyd edib. Bu baxımdan keyfiyyətli hüquqi
yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmini üçün
güclü və nüfuzlu vəkillik institutunun mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Səbinə Əliyeva nəzərə çatdırıb ki, Azərbaycanda
müstəqil vəkillik institutunun yaradılması və inkişaf etdirilməsi Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında Azərbaycan
post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən
biri oldu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilib və bununla da ölkəmizdə vəkillik müstəqil peşə kimi tanınıb.
Vəkillik institutunun inkişafı və nüfuzunun artırılması, vəkillik fəaliyyətinin
müasir tələblərə uyğun şəkildə təşkili istiqamətində tədbirlər Azərbaycanın
Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.
Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər
çərçivəsində ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında
vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı
Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi, regionlarda vəkillik fəaliyyətinin
stimullaşdırılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması,
dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin
artırılması, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz
hüquqi xidmətlərin təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.
Bildirilib ki, Ombudsman təsisatı olaraq
əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və
azadlıqların daha etibarlı müdafiəsi, müvafiq sahədə qanunvericiliyin
təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər
Kollegiyası ilə əməkdaşlıq davam etdirilir. Xüsusi ilə vurğulanmalıdır ki,
Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununun, habelə vəkillik fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktların
təkmilləşdirilməsi prosesində yaxından iştirak edir.
Daha sonra ARVK Rəyasət Heyətinin qərarına
əsasən, Kollegiya ilə Ombudsman təsisatının birgə əməkdaşlığında verdiyi xüsusi
töhfəyə görə Səbinə Əliyeva “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş
nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin mərasimdə vəkilliyə qəbul üzrə
ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən, icbari təlimi başa vuran və
şifahi müsahibədə uğur qazanan namizədlər namizədlər Azərbaycanın Dövlət
Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.
Tədbirdə vəkilliyə namizədlər çıxış edib,
vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə
ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün ARVK-nın Rəyasət
Heyətinə minnətdar olduqlarını bildiriblər.
Mərasimin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və yubileylərini qeyd edən Kollegiyanın bir sıra üzvləri, həmçinin “İnsan hüquqları aylığı” ilə bağlı olaraq və ARVK ilə informasiya təminatında sıx əməkdaşlıq da nəzərə alınmaqla bir qrup jurnalist təltif olunub.