Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

25 iyun 2024    365 share share

Cari ilin 11-12 iyun tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində “Qeyri-maliyyə institutları və peşə sahibləri (Designated Non-Financial Businesses and Professions - DNFBPs) və virtual aktiv xidməti təminatçılarına (Virtual Assets Service Providers - VASPs) AML/CFT nəzarəti: sahəvi spesifik tədbirlərin praktik tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Avropa Birliyinin və Avropa Şurasının (AŞ) dəstəyi ilə, AŞ-nin Struktur İslahatlara Dəstək Baş Direktoratlığı və İqtisadi Cinayət və Kooperasiya Bölməsinin birgə layihəsi çərçivəsində təşkil edilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvü Əsədov Anar Varis oğlu sözügedən konfransa qatılıb.

Qeyd edək ki, ARVK Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli qərarına əsasən, Anar Əsədov Kollegiyanın cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxs təyin edilib.

Konfransın gündəliyinə uyğun olaraq Litvanın daxili işlər nazirinin müavini Arnoldas Abramavičius, Avropa Komissiyasının DG Reform üzv Dövlətlərdəki islahatlara dəstək üzrə direktoru Nathalie Berger (hibrit formatında), AŞ-nin İqtisadi Cinayət və Kooperasiya Bölməsinin rəhbəri Mustafa Ferati açılış nitqi ilə çıxış ediblər.

Həmçinin tədbirdə iştirakçılar təmsil etdikləri ölkələrdə qeyri-maliyyə institutları, peşə sahibləri və virtual aktiv xidməti təminatçılarına münasibətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud təcrübələr barədə çıxış ediblər, bir sıra suallar cavablandırılıb.

Konfrans çərçivəsində Anar Əsədov beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.