Cari ilin iyun ayının 28-də Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti
iclası keçirilib.
İclasda ümumilikdə 25 müraciət əsasında
(onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam
icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə
salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 12 intizam işi üzrə vəkilin
hərəkətlərində pozuntunun olması;
- 2 intizam işi üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması;
- 3 intizam işi üzrə vəkilin hərəkətlərinə
hüquqi qiymət verilməsinin mümkün olmaması.
Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki
şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan
müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının,
2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət
və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin
hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.
Vəkilin hərəkətlərində pozuntunun olması
barədə rəy verilmiş intizam işlərindən:
- 4 intizam işində “vəkilin məhkəməyə,
ibtidai istintaq orqanına və digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə
davranmayıb onların ünvanına qeyri-etik ifadələr işlətməsi” (4 vəkillə bağlı 4
fakt);
- 2 intizam işində “vəkilin qabaqcadan
təyin olunmuş məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edə
bilməməsinin üzrlü səbəblərinə dair əvvəlcədən lazımi qaydada məlumat vermədən
iştirak etməməsi” (2 vəkillə bağlı 14 fakt);
- 2 intizam işində “vəkilin müraciət edən
şəxsdən müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (2 vəkillə
bağlı 2 fakt)”;
- 1 intizam işində “vəkilin öz peşə borcunu
lazımınca yerinə yetirməyərək, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi
yardım göstərdiyi şəxsi məlumatlandırmaması” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin öz peşə borcunu
vicdanla yerinə yetirməyərək, iş üzrə apellyasiya şikayətini qanunvericilikdə
nəzərdə tutulmuş formada tərtib etməməsi və qanunla müəyyən edilmiş prosessual
müddəti ötürməklə verməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin dövlət hesabına
hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib
formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)”;
- 1 intizam işində “vəkilin müvafiq
istintaq hərəkətlərinin protokollarını əsaslı səbəb olmadan və hər hansı
qeydlər vermədən imzalamaqdan imtina etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam
pozuntusu kimi qiymətləndirilib.