İyul ayının 10-da Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
-
“Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının
keçirilməsi Qaydaları”nda dəyişiklik edilib;
-
Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub;
- Peşə
hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər
barədə Fəaliyyət Planı təsdiq edilib;
- Vəkillər
Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə
qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir
vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilib,
gələcək fəaliyyətində uğurlar arzulanıb.
Sonra uzun illər səmərəli vəkillik
fəaliyyətinə görə və 40 illik yubileyi münasibəti ilə “Kəngərli və Partnyorları”
Vəkil Bürosunun müdiri, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil İsmayıl Kəngərli
Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.
İclasda “Vəkillər Kollegiyası üzvlüyünə
qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik
edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb, o cümlədən ARVK üzvlüyə
qəbulla bağlı elektron sistemin təqdimatı olub. Nəzərə çatdırılıb ki, yaxın
günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci
maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın
rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən
“Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Bundan başqa, Rəyasət Heyəti tərəfindən peşə
hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə
Fəaliyyət Planının təsdiqi qərara alınıb. Qeyd edilib ki, cari ilin
avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron
vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni
zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.
Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı olub. Bildirilib ki, internet saytı fərqli tərtibatda işlənərək hazırlanıb, müasir tələblərə uyğun bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı yaradılıb və burada Akademiyanın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumatlar yer alıb.
İclasda Rəyasət Heyəti tərəfindən Kollegiya
Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədovun Baş katibin müavini
(Aparat rəhbərinin müavini) təyin edilməsi barədə qərar qəbul olunub. Eyni
zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb. Qərara əsasən, həmin şöbəyə isə
Rəhilə Ağaquliyeva təyin edilib.
“Vəkil qurumları və fərdi qaydada fəaliyyət
göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın
tərkibinə, habelə “Turan” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə
baxılaraq müsbət qərarlar verilib.
Daha sonra iclasda iki vəkilin dövlət
qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması
və onların mükafatlandırılması qərara alınıb.
İclasda çərçivəsində bəzi vəkillərin digər
vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, öz
istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və maddi yardımla bağlı
müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2
vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə
xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən
xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul
edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.