İyulun 12-də İran İslam Respublikasının
(İİR) Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə İİR-nin səfirinin vəzifələrini
icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayinin başçılıq etdiyi
nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan ARVK-nın sədri Anar
Bağırov Azərbaycan ilə İran xalqları arasında uzun illər dostluq
münasibətlərinin mövcud olduğunu, İİR-nin ölkəmizdəki Səfirliyinin
nümayəndələri ilə ilk dəfə görüş keçirdiyini bildirərək, rəhbərlik etdiyi
qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, o
cümlədən Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyətindən danışıb.
Görüşü yüksək qiymətləndirdiyini vurğulayan
sədr İran Vəkillər Kollegiyası ilə əməkdaşlığın mövcud olduğunu, Azərbaycandakı
İran vətəndaşlarına keyfiyyətli hüquqi yardımın göstərildiyini qeyd edib, eyni
zamanda İrandakı Azərbaycan vətəndaşlarına da keyfiyyətli hüquqi yardımın
göstərildiyinə inandığını ifadə edib.
İİR-nin Azərbaycandakı səfirinin
vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi çıxışında ilk
görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək
qiymətləndirdiklərini söyləyib. O, hər iki dövlətin Vəkillər kollegiyaları
arasında gələcək münasibətlərin daha da genişlənməsinin, habelə İran və
Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini
dilə gətirib.
Görüş çərçivəsində hər iki ölkə arasında
qarşılıqlı və keyfiyyətli hüquqi yardımların təşkil edilməsinin ilkin
müzakirələri aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Sonda qonaqlara ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.