Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

15 iyul 2024    871 share share

 

İyulun 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda ümumilikdə 23 müraciət əsasında (onlardan 8 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılmış intizam icraatları üzrə 15 işə baxılmış, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınmış, 10 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunmuşdur:  

- 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 1 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 1 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilmiş işlərin 6-sı fiziki şəxslərdən, 2-si məhkəmələrdən, 2-si isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlər əsasında başlanılmış intizam icraatları üzrə olmuşdur.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş işlərin 4-ü fiziki şəxslərin, 2-si qeyri-dövlət orqanlarının, 1-i məhkəmələrin müraciətləri üzrə olmuş, məhkəmələrdən daxil olan digər 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan: 1 müraciət üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 1 müraciət üzrə intizam icraatına xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması barədə rəylər verilmişdir.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

- 3 intizam işində “dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar hesabatların vəkil dosyesində saxlanılması, qərarların növbətçilik cədvəllərinə uyğun icrası və vəkil orderinin tərtib edilməsi qaydalarına riayət edilməməsi” (7 vəkillə bağlı 7 fakt);

- 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə və vəkil orderində tapşırığın yerinə yetiriləcəyi təşkilatı (orqanı) qeyri-müəyyən şəkildə göstərməsi”, “vəkilin iştirak etmədiyi istintaq hərəkətinin protokolunu imzalaması”, “vəkilin hüquqi yardım göstərəcəyi şəxsin xəbəri olmadan onun müvafiq səlahiyyət vermədiyi və tanımadığı şəxslə vəkil qurumu rəhbərinin imzası və büronun möhürü ilə təsdiqlənməmiş nömrəsiz müqavilə bağlaması (1 vəkillə bağlı 3 fakt) və “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən tərtib edilmiş vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən tərtib edilmiş vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin işin nəticəsinə dair hüquqi yardım göstərdiyi şəxsi vaxtında məlumatlandırmaması, iş üzrə müvafiq məhkəmə aktlarından kassasiya şikayətlərini qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə və müddətin bərpası haqda vəsatət təqdim etmədən verməsi” və “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən tərtib edilmiş vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 2 fakt);

 - 1 intizam işində “vəkilin göstərəcəyi hüquqi yardımla bağlı müvafiq müqavilə bağlamadan müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (1 vəkillə bağlı 1 fakt)

halları intizam pozuntusu kimi qiymətləndirilmişdir.