Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ MƏLUMATI - TƏKZİB

07 sentyabr 2018    6445 share share

Bu günlərdə bir sıra KİV-də və sosial şəbəkələrdə “Vahid siyasi məhbus siyahısı hazırlanıb” başlıqlı hesabat-yazı işıq üzü görmüşdür. Qeyd olunan yazıda deyilir ki, guya “Azərbaycanda vəkillərə qarşı repressiv siyasət aparılır, siyasi məhbuslara hüquqi yardım etmək üçün bir neçə vəkil qalıb, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiə təmin edilmir”.

Eyni zamanda, adı çəkilən hesabatı və siyahını hazırlayan Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa daxil olan şəxslərin adları göstərilir ki, orada Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Əsabəli Mustafayev və Fariz Namazlının adları qeyd olunmuşdur. Bu yazı ilə bağlı Vəkillər Kollegiyası bildirir ki, həmin hesabatla Kollegiyanın “repressiv fəaliyyət”i barədə böhtan xarakterli məlumat verilməklə ictimaiyyətdə elə təsəvvür formalaşdırılmağa çalışılır ki, sanki vəkillər Əsabəli Mustafayev və Fariz Namazlı öz təmsil olunduqları qurumu fəaliyyətinə görə tənqid edirlər.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyd olunan hesabatı onun ünvanına atılmış böhtan olaraq qiymətləndirir və bildirir ki, vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət edərək, qeyd olunan İşçi Qrupun üzvü və hesabatın həmmüəllifləri olmadıqlarını, habelə hesabatda onların imzalarının olmadıqlarını bildirmişlər. Hətta müraciət edərək adlarının da bu barədə məlumatlardan çıxarıldığını bildirmişlər.

Vəkillər Kollegiyası təəssüf hissi ilə bildirir ki, hesabatın müəllifləri Vəkillər Kollegiyasının üzvlərinin adlarını İşçi Qrupun üzvləri sırasına daxil etməklə hesabata mötəbərlik xarakteri verməyə cəhd etmiş və Kollegiyanın üzvlərinin adından spekulyativ məqsədlə istifadə etməklə ictimaiyyəti və beynəlxalq təşkilatları çaşdırmağa çalışmışlar.

Vəkillər Kollegiyası adı çəkilən hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəyan edir ki, Kollegiya bundan sonra da ölkə vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsini və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə fəaliyyətini ən yüksək peşəkar standartlara cavab verməklə davam etdirəcəkdir.

Vəkillər Kollegiyasının
mətbuat xidməti