Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
Belə ki, cari ilin iyul ayının 20-də ARVK və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xızı rayonunda pulsuz hüquqi yardım aksiyası keçirilib. Aksiya ilə əlaqədar "Verdiktum "Vəkil Bürosunun (VB) müdiri Zaur İbadov və büronun digər vəkilləri Xızıda pulsuz hüquqi yardım göstəriliblər. Onlar Xızı rayonunun Heydər Əliyev Mərkəzində vətəndaşlara hüquqi məsləhətlər verib, habelə müvafiq yazılı sənədlər tərtib edib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti ailə münasibətləri, əmək mübahisəsi, məişət zorakılığı və digər mülki məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.