Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil bürolarında təcrübə keçən hüquqşünas tələbələrlə görüş keçirilib

14 avqust 2024    332 share share

Cari ilin 13 avqust tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Kollegiyanın bürolarında istehsalat təcrübəsi keçən hüquqşünas tələbələrlə Kollegiyanın məsul şəxsləri arasında görüş keçirilib.

Görüşdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Vəkillərin İxtisas Komitəsinin sədri, hüquq elmləri doktoru Turqay Hüseynov, Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini Səttar Məmmədov, Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, həmçinin hüquqşünas-məsləhətçi Sona Xəlilli, Akademiyanın könüllüləri Camal Əliyev, Zeynalabidin Hüseynov və 14 vəkil bürosunda təcrübəyə cəlb olunmuş tələbələr iştirak ediblər.

İclasın əvvəlində açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru hüquq elmləri doktoru, professor Əmir Əliyev iclas iştirakçılarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, Kollegiyanın tələbələrlə bağlı siyasətindən söz açıb, bu sahədə həyata keçirilən uğurlu layihələri vurğulayıb. Professor Kollegiyanın Aparatında, vəkil büroları və Vəkillər Kollegiyası Akademiyasında könüllü tələbələrin və təcrübəçilərin Kollegiyanın sədri Anar Bağırovun daima diqqətində olduğunu və sədrin bu proseslərə yüksək qayğı və diqqətlə yanaşdığını tələbələrin nəzərinə çatdırıb. Professor həmçinin çıxışında tələbələrə akademik hüquqi yazı sahəsində təməl bilgilər verib, tələbələrə bu istiqamətdə öz təklif və tövsiyyələrini bildirib.

Çıxış edən Vəkillərin İxtisas Komitəsinin sədri, hüquq elmləri doktoru Turqay Hüseynov istehsalat təcrübəsi keçərkən diqqət yetirilməli olan ən mühüm məqamları tələbələrin diqqətinə çatdırıb, tələbələrə gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmaq istiqamətində əhəmiyyətli tövsiyyələr verib.

Çıxış edən Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini Səttar Məmmədov Kollegiyanın tələbələrlə bağlı siyasətindən söhbət açıb, son dövrlərdə Kollegiya tərəfindən həyata keçirilən uğurlu islahatları iclas iştirakçılarının diqqətinə çatdırıb, bundan sonra da tələbələri Kollegiya ilə aktiv əməkdaşlığa dəvət edib.

İclasda həmçinin Vəkillər Kollegiyası Akademiyasının yeni təsis edilmiş saytı barədə iclas iştirakçılarına məlumat verilib, tələbələrə “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının yeni sayı paylanıb.

İclasın sonunda Kollegiyanın bürolarında təcrübə keçən hüquqşünas tələbələrlərin təklif və şikayətləri dinlənilib, sualları cavablandırılıb.