Avqustun 26-da Ədliyyə Nazirliyində Məhkəmə
Ekspertizası Şurasının ilk iclası keçirilib.
Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə
keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini
Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov,
səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti
rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov,
Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti
sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər.
Fərid Əhmədov iclası giriş sözü ilə açaraq,
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 avqust 2024-cü il tarixli
Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasının ölkəmizdə məhkəmə ekspertizası
sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun təmin
edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi,
rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının
gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyində duran məsələlər
üzrə müzakirələrə başlanılıb. Əvvəlcə “Məhkəmə Ekspertizası Şurasının
fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin, Məhkəmə
Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün
Şuranın katibi təyin olunub.
Daha sonra müvafiq Sərəncamın 2.1-ci
bəndində nəzərdə tutulan tapşırıqların çevik qaydada həll edilməsi məqsədilə
müvafiq İşçi qruplarının yaradılması məsələsi müzakirə edilib.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.