Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin
hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil olunub.
Müvafiq sahədə bilik və bacarıqların
artırılması məqsədilə keçirilmiş tədbirdə bir sıra dövlət orqanlarının, Vəkillər
Kollegiyasının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların
nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və BMT QAK-ın ölkəmizdəki
Nümayəndəliyinin rəhbəri Bik Lum tədbirdə giriş sözü ilə çıxış edib və
seminarın işinə uğurlar arzulayıblar.
Ombudsman əcnəbi və vətəndaşlığı olmayan
şəxslərin hüquqlarının qorunması istiqamətində müvafiq qanunvericiliyin,
hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi və bu sahədə maarifləndirmə
işinin əhəmiyyətindən danışıb, yerli və beynəlxalq qurumlarla, vətəndaş
cəmiyyəti institutları ilə birgə tədbirlərin təşkil olunduğunu qeyd edib.
S.Əliyeva beynəlxalq əməkdaşlıq sahəsində
fəaliyyətin tərkib hissəsi kimi, müvafiq sahədə ixtisaslaşmış beynəlxalq
təşkilatlarla tərəfdaşlıqda mütəmadi olaraq görüşlərin, məsləhətləşmələrin və
layihələrin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil Milli Preventiv Mexanizm mandatı
çərçivəsində həyata keçirdiyi fəaliyyətindən danışaraq, saxlanılan şəxslərin öz
iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin keçirildiyini, rəftar
və saxlanma şəraitinin araşdırıldığını bildirib. Qeyd edilib ki, başçəkmələr
çərçivəsində qəbul edilən və müraciətləri araşdırılan şəxslər arasında
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də var və onların hüquqlarının
müdafiəsi məsələlərinə Ombudsmanın fəaliyyətində geniş yer verilir.
Sonra tədbirdə Ombudsman Aparatının,
həmçinin digər dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq
ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət, eləcə də
beynəlxalq təcrübə barədə geniş məlumat verib, təqdimatlar ediblər. Həmçinin
ölkə təcrübəsində bu sahədə əldə olunan yeniliklər, Ombudsman tərəfindən
formalaşdırılmış təcrübə iştirakçıların diqqətinə çatdırılıb.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi
aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminara Vəkillər Kollegiyasından Aparat rəhbərinin müavini Səttar Məmmədov və Kollegiyanın Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva qatılıb.