Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasında COP29 “İqlim hüququ və idarəetməsi” üzrə Təşəbbüsünün Qiymətləndirmə Missiyasının əməkdaşları ilə görüş keçirilib

13 sentyabr 2024    337 share share

Sentyabrın 13-də Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) ölkəmizdə səfərdə olan COP29 “İqlim hüququ və idarəetməsi” üzrə Təşəbbüsünün Qiymətləndirmə Missiyasının əməkdaşları - Böyük Britaniyanın Kembric Universitetinin Hüquq fakültəsinin professoru, Hughes Hüquq Elmlərinin direktoru, Lauterpacht Beynəlxalq Hüquq Mərkəzinin işçisi Markus Gehring, həmin universitetin Hüquq fakültəsinin, Davamlı İnkişaf üzrə Beynəlxalq Hüquq Mərkəzinin elmi işçisi və meneceri Tejas Rao ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) görüş keçirilib.

Görüşü giriş sözü ilə açan ARVK Rəyasət Heyətinin üzvü Elçin Usub qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, son illərdə vəkillik sahəsində görülən işlərdən, ölkədə hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə imzalanan əməkdaşlıq memorandumlarından, bu çərçivədə birgə icra edilən layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən danışıb.

Həmçinin Elçin Usub ARVK-nın müxtəlif yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı barədə ətraflı məlumat verib, Kollegiyanın bu sahədə xarici əlaqələrə üstünlük verdiyini, o cümlədən bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.

Görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə son illər Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların diqqətinə çatdırıb.

Sonra qonaqlar çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini ifadə ediblər. Həmçinin nümayəndələr ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini, görülən işlərin mühümlüyünü, habelə dövlət və qeyri-hökumət qurumları tərəfindən bu sahədə atılan addımların vacibliyini vurğulayıblar, əməkdaşlıq üçün yeni imkanların yarandığı nəzərə çatdırılıb. Eyni zamanda qonaqlar Qiymətləndirmə Missiyasının fəaliyyət istiqamətlərindən və keçirilən tədbirlərdən söz açıblar.

Görüşün davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Sonda hər iki tərəf bir-birinə hədiyyə təqdim edib.