Cari il oktyabrın 5-də Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin intizam məsuliyyətinin əsasları”
mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq
elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun aktuallığı barədə
danışan professor, eyni zamanda "Azərbaycan Vəkili” elmi-praktik hüquq
jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.
Təlimin əsas hissəsində Vəkillərin İntizam
Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl
Kəngərli “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkilin
intizam məsuliyyətinin əsasları, o cümlədən vəkilin öz fəaliyyətini təbliğ etməsində
mənfi və müsbət hallar, habelə digər əlaqəli məsələlər barədə çıxış edib.
Sonra təlimçi müvafiq mövzu ilə əlaqədar
təcrübədə olan problemlər barədə məlumatlar verib, vəkilləri bu sahədə
maraqlandıran məsələlər müzakirə edilib.
Qeyd edək ki, təlimdə 53 nəfər distant, 13 nəfər əyani olmaqla, ümumilikdə 66 nəfər iştirak edib.