Cari il oktyabr ayının 14-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı
ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə
mərasimi keçirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Sonra bəzi vəkillərin digər vəkil
qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, dövlət
qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması və mükafatlandırılması,
habelə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq
qərarlar qəbul edilib.
Həmçinin iclasda vəkilliyə qəbulla bağlı
ixtisas imtahanından müvəffəqiyyət qazanan, icbari təlimi uğurla başa vuran,
dövlət qulluğunda olduğuna görə 6 ay müddətində möhlət alaraq andiçmə
mərasiminə gəlməyən namizədlərə qaydalara uyğun olaraq imtahan nəticələri ləğv
ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Eyni zamanda iclasda vəkil köməkçilərinin
vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan
ödənişdə güzəşt olunması məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət
verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin
fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə
müraciət edilməsi barədə qərar çıxarılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.