Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim təşkil edilib

21 oktyabr 2024    491 share share

“Elektron order” xidmətləri barədə müvafiq məlumatların və mövcud yeniliklərin vəkillərlə bölüşdürülməsi məqsədi ilə Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə cari ilin 19 oktyabr tarixində növbəti hibrid təlim təşkil edilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Qeyd olunub ki, layihə üzrə uğurla davam edən “Elektron order” təlimlərində Vəkillər Kollegiyasının 1900-ə yaxın üzvü iştirak edib. Həmçinin yaxın zamanda yeni sayının dərc ediləcəyi “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə məlumat verilib.

Təlimçi qismində çıxış edən “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov “Elektron order” xidmətləri və digər texniki məsələlər barədə iştirakçıları məlumatlandırıb. Müqavilənin bağlanması, xitamı və digər əlaqəli məsələlər üzrə yarana biləcək çətinliklər barədə çıxış edən təlimçi sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb, müvafiq sahədəki təcrübəsini bölüşüb.

Təşkil olunmuş hibrid təlimdə 32 vəkil əyani, 53 vəkil distant qaydada olmaqla, ümumilikdə 85 vəkil iştirak edib.