Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Türkiyə Vəkillər Kollegiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

12 fevral 2018    1884 share share

Bu günlərdə Türkiyə Vəkillər Kollegiyaları Birliyinin İnsan Hüquqları üzrə Komissiyasının üzvü, əslən Azərbaycandan olan vəkil Saide Ekmen Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.

Kollegiyanın rəhbərliyi tərəfindən qəbul olunan qonaq səfərinin məqsədinin iki ölkənin vəkillik təşkilatları arasında səmərəli münasibətlərin qurulması, gələcək dövrdə hüququn müxtəlif sahələrinə dair vəkillər üçün tədris tədbirlərinin təşkili, habelə vəkillik işinin təşkilində Türkiyə təcrübəsinin tanıdılmasından ibarət olduğunu bildirmişdir.

Öz növbəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonağa Kollegiyanın qardaş ölkənin Vəkillər Kollegiyaları Birliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, vəkillik işinin təşkilində Türkiyənin uzunillik təcrübəsinin öyrənilməsinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, önümüzdəki dövrdə hər iki qurum arasında qarşılıqlı əlaqələrin daha intensiv formada qurulmasının tərəfdarı olduğunu vurğulamışdır. Həmçinin natiq Türkiyədə ölkəmizin nüfuzunun arıtılmasında soydaşımız Səidə Ekmen kimi hüquqşünasların rolunun mühüm olduğunu qeyd etmişdir.

Sonda qonaqla xatirə fotosu çəkilmişdir.