Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilmişdir.
Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində Vəkillər Kollegiyasının cari ilin əvvəlində müasir tələblərə cavab verən internet saytı istifadəyə verilmişdir. Qeyd olunan internet saytında Vəkillər Kollegiyası və onun üzvləri arasında çevik məlumat mübadiləsinin, “Elektron məhkəmə portalı”na keçidin təmin edilməsi məqəsdilə “Elektron vəkil kabineti” funksiyası əlavə olunmuşdur.
Artıq istifadə üçün hazır olan “kabinet”in vəkillər üçün gətirdiyi yeniliklər və üstünlüklərə kabinet vasitəsilə “Vəkillərin reyestrində” olan məlumatlara dəyişikliklərin edilməsi, illik statistik hesabatların elektron formada təqdim olunması, Kollegiyanın mətbu nəşrlərinə yazı və məqalələrin verilməsi və vəkil ilə Rəyasət Heyəti arasında operativ məlumat mübadiləsi daxildir.
Vəkillərə vaxtlarına qənaət etməyə, Rəyasət Heyətinin inzibati binasına gəlmədən sadalanan hərəkətləri yerinə yetirməyə imkan verən “Elektron vəkil kabineti” SMS-xəbərdarlıq sistemi ilə də təchiz olunmuşdur. Belə ki, hər bir vəkilin şəxsi kabinetində istənilən yenilik və ya yeni məlumat olduğu zaman vəkilin mobil telefonuna bu barədə xəbərdarlıq mesajı gələcəkdir.
Gələcəkdə bu sistemin daha da təkmilləşdirilməsi, ona yeni funksiyaların əlavə edilməsi və “Elektron məhkəmə” sistemi ilə inteqrasiyası nəzərdə tutulmuşdur.
Elektron vəkil kabinetindən istifadə etmək üçün vəkillərdən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə gəlmələri və ya əlaqə saxlamaları, müvafiq istifadəçi adı və şifrəni əldə etmələri xahiş olunur.
Qeyd: Elektron vəkil kabinetindən istifadə ilə bağlı video-bələdçi diqqətinizə təqdim edilir.