Cari il noyabr ayının 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari
fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas
imtahanlarını və icbari təlimi uğurla başa vuran dörd vəkilliyə namizədin, bir
hüquq elmləri doktorunun ARVK üzvlüyünə qəbulla bağlı andiçmə mərasimi
keçirilib, habelə dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti
dayandırılan bir vəkilin isə fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə
baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim
edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak
edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin müraciətinə baxılıb. Müvafiq maliyyə dəstəyin
göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
Həmçinin vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi,
bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi,
o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə
müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən “İcra hüququ” Komitəsi ilə
“Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Nəzərə
çatdırılıb ki, “Deontologiya” Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi
zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədi ilə
yaradılıb. “İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə
qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində
vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə
uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin
potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam
Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov
“Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov
isə “İcra hüququ” Komitəsinə sədr seçilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq
edilib, 2 vəkilə töhmət verilib, 2 vəkilə irad tutulub, habelə 1 vəkilin fəaliyyəti 1 il müddətinə
dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.