Noyabr ayının 5-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət
hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə Ümumrespublika
Müşavirəsi keçirilib.
Müşavirədə ARVK Vəkillər Kollegiyası
Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyalarının üzvləri, 120-dən çox Vəkil
bürolarının rəhbərləri və fərdi vəkillər iştirak edib.
Tədbirdə dövlət büdcəsi vəsaiti hesabına
göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili,
bu sahədə mövcud olan problemlər müzakirə olunub.
Müşavirəni giriş sözü ilə açan ARVK sədri
Anar Bağırov iştirakçıları salamlayıb, onları qarşıdan gələn Zəfər Günü, Dövlət
Bayrağı Günü və Konstitusiya Günü münasibətləri ilə təbrik edib.
Sədr nəzərə çatdırıb ki, Prezident İlham
Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi
olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına
göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər
Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü
öhdəlikləri tam icra edir. Bununla əlaqədar olaraq ARVK Rəyasət Heyəti
tərəfindən qısa müddətdə müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına
göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi
qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri
mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun
aparılması təmin olunub.
Sonra Anar Bağırov indiyədək dövlət
hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik
hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan
bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib
olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və
fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları
tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro
rəhbərlərinin diqqətinə çatdırıb.
Daha sonra ARVK-nın sədr müavini, Hüquqi
Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz
tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, bəzi
vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən hüquqi
yardım zamanı nöqsanlara yol verildiyini vurğulayıb.
Sonda məsələ ətrafında geniş müzakirələr
aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə
gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.