Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və "Femida Könüllüləri" Təşkilatı arasında bağlanan memoranduma əsasən, müxtəlif Vəkil Bürolarında təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən hüquq
elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb və könüllüləri təcrübə müddətlərini
müvəffəqiyyətlə başa vurduqlarına görə təbrik edib. Qeyd olunub ki, könüllü
tələbələr və təcrübəçilər ARVK rəhbərliyinin daim diqqətindədir, bu proseslərə
yüksək qayğı və diqqətlə yanaşılır.
“Femida Könüllüləri” Təşkilatının sədri
Nilgün Məmmədova çıxışında Kollegiya rəhbərliyinə göstərilən diqqət və qayğıya
görə təşəkkür edib. Bildirilib ki, könüllülərin müxtəlif Vəkil Bürolarında
keçdikləri 3 aylıq təcrübə müddəti onların gələcəkdə peşəkar hüquqşünas kimi
formalaşmasında öz rolunu göstərəcəkdir.
Həmçinin Vəkillərin İntizam Komissiyasının
üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov, Vəkillərin İntizam
Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin Səlimov, “Mirzəyev və
Partnyorları” Vəkil Bürosunun müdiri Səyyad Mirzəyev, “Arbitrium” Vəkil
Bürosunun müdiri Polad Mehdiyev, o cümlədən Bakı şəhəri 20 saylı Vəkil Bürosu,
Bakı şəhəri 22 saylı Vəkil Bürosu, “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosu, “Kəngərli
və Partnyorları” Vəkil Bürosunun nümayəndələri görüşdə iştirak edərək
könüllülərə öz təklif və tövsiyələrini bildiriblər.
Sonda könüllülərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.