Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Ekoloji cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərə hüquqi yardımın xüsusiyyətləri” mövzusunda təlim keçirilib

25 noyabr 2024    359 share share

Cari il noyabr ayının 23-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Ekoloji cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərə hüquqi yardımın xüsusiyyətləri” mövzusunda distant qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb. Qeyd olunub ki, ölkənin beynəlxalq iqlim siyasətindəki mövqeyini gücləndirmək, ekoloji problemlərlə mübarizəyə yeni yanaşmalar əldə etmək və dayanıqlı inkişaf prinsiplərinə uyğun siyasətlər hazırlamaq baxımından mühüm bir platforma olan COP-29, belə bir mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın qlobal iqlim siyasətində daha fəal rol oynamasına və ölkənin ekoloji tərəqqisini gücləndirməsinə böyük imkanlar yaradıb. Eyni zamanda Azərbaycan iqlim məsələləri üzrə danışıqlarda mühüm tarixi uğurlar qazanıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, ətraf mühit siyasəti və hüququ  üzrə ekspert Samir İsayev ətraf mühit cinayətlərində ittiham olunan şəxslərə hüquqi yardımın xüsusiyyətləri, sahə üzrə hüquqi baza - beynəlxalq müqavilələr, milli qanunvericilik və digər hüquqi aktlar barədə geniş məlumat verib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada olan müxtəlif ekoloji cinayətlər iştirakçılarla birgə müzakirə olunub. Həmçinin vəkilləri maraqlandıran bir çox suallar cavablandırılıb, onlara tövsiyələr edilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 72 üzvü iştirak edib.