Noyabrın 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
Görüş zamanı ARVK-nın sədri Anar Bağırov
yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Sədr diqqətə çatdırıb ki, demokratik hüquqi
dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Eyni zamanda məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının
fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə
gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın
Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.
Həmçinin sədr hakim təyin olunan vəkillərin
öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə
əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf
fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.
Prezidentin 19 noyabr 2024-cü il tarixli
Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü
olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi
qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə
yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, vakant hakim
vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən
ARVK-nın 8 üzvü - Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə
Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı
Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri
Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon
Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov
Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə
Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı
ilə hakim vəzifəsinə təyin olunublar.
Daha sonra Anar Bağırov hakim vəzifəsinə
təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların
təltif olunduğu Fəxri Fərmanları təqdim edib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.