Noyabr ayının 29-da Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət
hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə növbəti Ümumrespublika
Müşavirəsi keçirilib.
Tədbirdə ARVK rəhbərliyi və ötən müşavirədə
iştirak etməyən 100-ə yaxın vəkil iştirak edib.
Müşavirədə dövlət büdcəsi vəsaiti hesabına
göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili,
bu sahədə mövcud olan problemlər səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Kollegiyanın
sədri Anar Bağırov iştirakçıları salamlayıb, Müşavirənin keçirilməsinin əhəmiyyətindən
danışıb.
Sədr diqqətə çatdırıb ki, Prezident İlham
Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi
olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına
göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına
həvalə edilib. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra
edir. Bununla əlaqədar olaraq ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə
müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma
görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən
vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada
təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub.
Sonra Anar Bağırov indiyədək dövlət
hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik
hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan
bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib
olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və
fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət
qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları
büro rəhbərlərinin nəzərə çatdırıb.
Eyni zamanda sədr bütün Vəkil bürolarında
icmal məktubunun müzakirə edilməsini, orada qeyd edilən məsələlərə baxılmasını
və bu barədə büro rəhbərləri tərəfindən Kollegiyaya rəsmi qaydada məlumat
verilməsini bildirib, habelə gələcəkdə dövlət büdcəsi vəsaiti hesabına
göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqlərin gücləndiriləcəyini
vurğulayıb.
Daha sonra ARVK-nın sədr müavini, Hüquqi
Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz
tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, dövlət
hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik
hesabatlar barədə iştirakçıların diqqətinə çatdırıb.
Sonda məsələ ətrafında geniş müzakirələr
aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə
gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.
Bildirmək istərdik ki, daha əvvəl - noyabrın
5-də “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilmişdi.
Bu isə cari ildə təşkil edilən sayca 2-ci Ümumrespublika Müşavirəsidir.