Noyabrın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.
Üç mərhələdən ibarət Olimpiadada
ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik
Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük
Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti,
Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq
ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.
Hüquq Olimpiadasının
məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində
tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına
xidmət etməkdir.
Olimpiadaya təşkilati
dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları"
Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası) tərəfindən göstərilir.
Tədbirdə ARVK-nın
sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin
Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası
Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin
qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib.
Mərasim Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Olimpiadada açılış
nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları
salamlayaraq, onlara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən
yarışların əhəmiyyətini vurğulayıb.
Rəhbərlik etdiyi
qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan
bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli
faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə
keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib,
habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən
komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb.
Eyni zamanda Anar
Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər
zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır.
Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan
gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində,
habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin
işğal altında olan torpaqlarını azat etdi.
Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək
Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına
məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların
rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün
geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox
olduğunu dilə gətirib.
Hakimlərin Seçki
Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq
Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edən yarışmanın xüsusi
əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil
olunmasını sevindirici hal kimi qiymətləndirib.
Mərasimdə Vəkillər
Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir
Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl
Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz
açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.
Daha sonra müsabiqəyə
start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı
cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları
yoxlanılıb, nəticələr elan edilib.
Beləliklə, Polis
Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər
Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət
Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti
hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb.
Məlumat üçün
bildirərək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin
komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.
Xatırladaq ki, II
Hüquq Olimpiadasının növbəti turu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də
təşkil ediləcək.
Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.