Cari il noyabr ayının 30-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Müqavilələrdə risk anlayışı" mövzusunda təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və sözügedən layihənin
gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən danışıb. Eyni zamanda yeni sayı
dərc edilən “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı
iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti iştirakçıların diqqətinə
çatdırılıb. Həmçinin gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət
edilib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova və
həmin şirkətin hüquqşünası, “Sirius” Vəkil Bürosunda vəkil köməkçisi kimi
fəaliyyət göstərən Aysel Məmmədli müqavilələrdə tərəflər, öhdəliklər, risklər
və risklərin qiymətləndirilməsi, o cümlədən digər əlaqəli praktiki məsələlər
barədə çıxış edib.
Sonda müvafiq mövzu üzrə gənc
hüquqşünasları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə 32 gənc hüquqşünas iştirak edib.